13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street office.azermds@gmail.com

Tarix

AzerMDS-in Tarixi

"Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) 1992-ci ildə  “Azərbaycan Təbib Tələbələr Assosiasiyası (AzerMSA)” adı altında təsis edilmiş və Azərbaycanı fasilələrlə IFMSA-da (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) təmsil etmişdir. 

"Azərbaycan Təbib Tələbələr Assosiasiyası"nın ilk heyəti tibb təhsili və səhiyyəmizin inkişafında vətəndaş təşəbbüsü ilə iştirak etmək məqsədi ilə formalaşmışdı. O zaman AzerMSA ölkəmizdə yaranan ilk gənclər təşkilatlarından biri idi və müstəqil Azərbaycanın gənclər siyasətinin formalaşmasında yaxından iştirak edirdi. Təşkilatın fəaliyyətinin ilk illərində üzvlərimiz Azərbaycan gənclərinin beynəlxalq əlaqələr qurması üçün çalışırdı.

1995-ci ildə AzerMSA Gənclər Təşkilatlarının Milli Şurasının həmtəsisçisi olmuş və onun beynəlxalq əlaqələrindən məsul təyin edilmişdi.  Bu illər ərzində Azərbaycan Avropa Gənclər Forumunda uğurla təmsil olunmuş və 1997-ci ildə, yəni ölkəmizin Avropa Şurasına qəbulundan öncə AzerMSA Avropa Gənclər Forumunun (European Youth Forum) üzvü olmuşdur.

Təmsilçiliyimizin 2005-ci ildən başlanan növbəti mərhələsi AzerMDS üzvlərinin entuziazmı və Gənclər və İdman Nazirliyinin dəstəyi hesabına davamlı xarakter alıb.

2007-ci ildə "Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Azərbaycan Republikasının qeyri-hökumət təşkilatı kimi yenidən qeydiyyata alınıb. AzerMDS-in idarə heyəti, əsasən, tibb tələbələrindən təşkil olunub.