13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

Peyvəndləmə "sağlamlıq qalası" kimi

Müəllif: Muradova Fərəh

Bu yaxınlarda bir cümlə oxumuşdum və çox bəyənmişdim.Deyilir ki,təsəvvür edin əllərinizə kiçik bir körpə verilir və sizdən 1 və 100  arasında bir faizlə onu dəyərləndirməyiniz xaiş olunur.Siz təbiki düşünmədən 100 deyirsiniz.Halbuki bu körpə bu dəyəri almaq üçün xüsusi bir heç bir şey etməyib.Onun varlığı özü hədiyyədir.Bu körpə nə vaxtsa siz olmusunuz və sadəcə varlığınız valideynləriniz və ya sizi sevən hər bir şəxs üçün böyük bir dəyərə sahib olub.
Valideynləriniz sizin üçün yəni bu kiçik körpə üçün ən yaxşını istəyiblər.Onu qarşıdan gələn bütün təhlükələrə qarşı qorumaq istəyiblər.Bu bəlkə də valideyn olmağın “qızıl qaydaları”-dandır öz körpəni qoruyub,onu gələcəyə hazırlamaq üçün sağlam təməl qurmaq. 
Dünyaya gözümüzü açdığımız andan etibarən biz müxtəlif xəstəliklər,infeksiyalar,viruslar və daha bir çox “sağlamlıq qalası”-nın işğalçıları ilə bəlkə də dünyanın ən uzun,ən qanlı,ən çətin döyüşlərindən sayılan “Stalinqrad” döyüşündən də çətin bir döyüşə giririk.Bu döyüşlərdə isə ən güclü silahımız peyvəndlərdir.
Əhali arasında peyvəndlərə qarşı olan qərəzli fikirlərin məlumatsızlıqdan irəli gəldiyini düşünərək sizə onların vacibliyi,vaxtları və növləri haqqında məlumat verəcəm.
Gəlin başlayaq, təsəvvür edək doğum uğurla keçdi və ana öz körpəsini həyata gətirdi. Bu balaca ilk olaraq  “Hepatit B” xəstəliyi ilə mübarizədə öz qüvvətli silahı olan “Hep B” peyvəndi ilə doğumdan sonra 12 saat ərzində silahlanır. Deyirlər düşmənə qalib gəlmənin ən yaxşı yolu onu yaxından tanımaqdır. Cənab “Hepatit B”-ni sizdə tanıyın:
Hepatit B virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur.
Deməli,indi sizə kimdən danışım,bizim körpəmizdən.Artıq dünyayla tanışlığının 4-7 ci günlərində “Vərəm və Poliomielit” xəstəliklərinə qarşı 2 ci silahı olan “BCG və OPV” peyvəndləri ona yoldaş olurlar.
Cənab “Vərəm” yoluxucu xəstəlikdir. O, hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Əsas klinik formaları:I qrup: Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası, II qrup: Tənəffüs orqanların vərəmi,  III qrup: Digər orqan və sistemlərin vərəmi:Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi, Bağırsağın, peritonun, müsariqə limfa düyünlərinin vərəmi,Sümük və oynaq vərəmi,Sidik-cinsiyyət orqanlarının vərəmi,Dəri və dərialtı toxumanın vərəmi,Periferik limfa düyünlərinin vərəmi,Gözün vərəmi,və s.
Xanım “Poliomielit”: sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.
Bir müddət bu iki silah bizim körpəmizi qoruyur,lakin 2 aylığına çatanda bizə yenə tədarük lazım olur. “B tipli hemofil infeksiya, difteriya, göyöskürək, tetanus və hepatit B” xəstəliklərinə qarşı “Hib” peyvəndi,” Poliomielit və Pnevmokok infeksiyaları”-na qarşı isə “OPV və Pk” peyvəndləri köməyə çatır.Gəlin bu böyük auditoriya ilə yaxından tanış olaq.
1)B tipli hemofil infeksiya-Hib infeksiya (B tipli hemofil çöplərin törətdiyi xəstəliklər) insandan insana hava-damcı yolu ilə keçir. Uşaqlar arasında yayılan bu xəstəliklərin 90%-dən çoxu təhlükəli infeksion xəstəliklərdir (pnevmoniya, sepsis, epiqlotit, septiki artrit, absess və s). Xəstəlik əsasən 2 yaşa qədər olan uşaqlar arasında qeydə alınır.
2)Difteriya- corynebacterium diphteriae adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə olan məsamələrə düşməsi nəticəsində yaranan yoluxucu xəstəlikdir.
3)Göyöskürək-yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir.Bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar. Göy öskürək 1 yaşa qədər uşaqlarda daha ağır gedişata malikdir. Daha yuxarı yaşlı uşaqlarda bu infeksiya əhəmiyyətli dərəcədə zəif inkişaf edir.
4)Tetanus-ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji zəhər hesab olunur.
5)Pnevmokok infeksiyaları- pnevmokok adlanan Streptococcus pneumoniae bakteriyasının törətdiyi bir infeksiyadır. S. pneumoniae, sağlam yetkinlərin 5-10% -i və sağlam uşaqların 20-40% -nin burun və boğazını kolonizə edən bakteriya florasının ümumi üzvlərindən biridir. Bununla birlikdə, sətəlcəm, bakterial menenjit və sepsisin əsas səbəbi olan əhəmiyyətli bir xəstəliyin səbəbidir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2005 -ci ildə dünyada 1,6 milyon uşağın ölümünə pnevmokok infeksiyaları səbəb olub.
Körpəmiz artıq 3 və 4 aylıq olanda silahlarımızı gücləndirmək məqsədi ilə yenidən “B tipli hemofil infeksiya, difteriya, göyöskürək, tetanus və hepatit B” xəstəliklərinə qarşı “Hib” peyvəndi köməyimizə çatır.Eyni şəkildə köhnə yoldaşlarımızdan “Poliomielit”-ə qarşı sədaqətli dostumuz “OPV” peyvəndi ilə də yollarımız yenə kəsişir. “OPV” “Pk” ilə birgə 4 aylıqda təkcə “Poliomielit”-ə qarşı yox,həm də “Pnevmokok infeksiyaları”-na qarşı əvəzolunmaz silahımızdır.Eh...”Pk”,sənlə də yollarımız yenə kəsişir.6 aylıqda “Pk” peyvəndi “Pnevmokok infeksiyaları”-na qarşı olaraq komandamıza yenidən qoşulur.

12 aylıqda biz artıq böyüyürük  və yeni dostlara ehtiyac duyuruq.” Qızılça, parotit və məxmərəyə” qarşı “QPM vəVit A” peyvəndləri tez köməyə gəlir. Gəlin bu 3 xanımla yaxından tanış olaq.
1)Qızılca-Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkilidir.Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2 - 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır.
Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.
2)Parotit-viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir.Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.
3)Məxmərək-Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.

18 aylıq olanda “Difteriya, göyöskürək, tetanus,poliomielit”xəstəliklərinə qarşı “GDT,OPV,Vit A” peyvəndləri sıraya qoşulur.

(Gərgin musiqi sədaları)

İllər keçir.Körpəmiz böyüyür.Yaxınlaşır son silahını götürməyə.Yəni 6 yaşında “Qızılça, parotit , məxmərək,difteriya və tetanus”-a qarşı “QPM,DT,Vit A,” peyvəndləri bu mətanətli savaşın son parçaları olurlar.

Qısacası bu maraqlı macəranın sonuna gəldik.Bir daha peyvəndlərin bizim həyatımızdakı əvəzolunmaz rolunu sizə maraqlı şəkildə çatdırmağa çalışdım.Ümid edirəm ki,doğurdan da maraqlı və faydalı dəqiqələr bəxş edə bildim.
Mənbələr:
1)Vikipediya: https://az.wikipedia.org/wiki/Ana_s%C9%99hif%C9%99
2)Mediland.az: https://mediland.az/az/news/20/azerbaycan-respublikasinin-milli-peyvend-teqvimi